Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar “ASAN xidmət” Zaqatalada xidmətə başlayıb

01 may 2017 | 16:00

Mayın 1-dən başlayaraq “ASAN xidmət” Zaqatala şəhərində sakinlərə səyyar formada xidmətlər göstərir. Bu xidmətlərdən Şəki-Zaqatala bölgəsi və ətraf rayonların sakinləri də yararlana biləcəklər. Əhaliyə xidmətlərin göstərilməsi üçün Zaqatala şəhərinin mərkəzində, rayon Mədəniyyət Mərkəzinin yaxınlığında xüsusi yer ayrılıb. Burada hamı üçün bərabər imkanlar yaradılıb. Sakinlər əvvəlcə məlumat bürosuna yaxınlaşır, sənədlərini təqdim edir, növbəyə götürülürlər. Sonra onlar növbə əsasında avtobusa daxil olur və müraciətlərini edirlər. Xidmətin əməkdaşları müraciət edən hər bir vətəndaşa qarşı nəzakətlə davranırlar. Vətəndaşlar vaxt itirmədən öz istədiklərinə nail olurlar. Xidmətlər Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, həmçinin Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Göstərilən xidmətlərin dairəsi genişdir. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələri və ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir. Vətəndaşlara, eyni zamanda, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi ilə bağlı xidmətlər də göstərilir. Səyyar “ASAN xidmət” Zaqatalada sakinlərə mayın 30-dək xidmət göstərəcək.

Keçidlər