Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı faciəsinin 25-ci ildönümü qeyd olundu

25 fevral 2017 | 16:00

Bəşər tarixinin ən qanlı cinayətlərindən olan Xocalı faciəsinin iyirmi beşinci ildönümü ilə əlaqədar fevralın 25-də Zaqatala şəhərində keçirilən ümumrayon tədbirinin iştirakçıları əvvəlcə soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzüb, faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.

Mərasimdə rayon icra hakimiyyəti başçısının birinci müavini Tofiq Əhmədov çıxış edərək, Xocalı faciəsinin erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı və etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu bildirib, faciənin səbəbləri və acı nəticələri barədə danışıb. Qeyd olunub ki, bu hadisələrin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq hüquqa əsasən, soyqırımı olduğunu sübut edir. Erməni millətçilərinin törətdiyi bu vəhşilik və vandalizm aktı bəşəriyyətin genosid kimi tanıdığı Xolokost, Xatın faciələri ilə eyni səviyyədə qiymətləndirilir.

Bildirilib ki, ərazilərimizin 20 faizinin düşmən tapdağı altında olduğu, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün həyatı yaşadığı bir dövrdə keçmişi tanımaq və tanıtdırmaq ölkəmizin bu günü və gələcəyi üçün böyük əhəmiyyət daşıyır. Azərbaycan xalqına qarşı törədilən vəhşiliklərlə bağlı tarixi hadisələrin ölkə daxilində və ölkədən kənarda tanıdılması məqsədi ilə görülən işlər dövlətimizin həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir. Erməni millətçilərinin törətdikləri Xocalı faciəsi artıq dünyanın bir sıra ölkələrində soyqırımı aktı kimi tanınır.

Tədbirdə soyqırımının acı nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasında, Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri önə çəkilib, hazırda bu istiqamətdə ölkə rəhbərliyi tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirildiyi vurğulanıb.

Həmin gün rayonda məskunlaşmış Xocalıdan olan məcburi köçkün ailələrinə ərzaq yardımı göstərilib.

Keçidlər