Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalalılar azadlıq uğrunda canlarından keçən Vətən övladları ilə daim fəxr edir

19 yanvar 2017 | 16:00

20 Yanvar xalqımızın azadlıq mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Həmin gün öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Azərbaycan xalqı qəhrəman övladlarının fədakarlığını həmişə yüksək qiymətləndirir, müstəqilliyə və azadlığa qovuşmaq üçün canlarından keçən Vətən övladları ilə daim fəxr edir.

Bu fikirlər 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü ilə əlaqədar yanvarın 19-da Zaqatala şəhərində keçirilən ümumrayon tədbirində səsləndirilib.

Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri əvvəlcə şəhidlərin xatirəsinə ucaldılan abidənin önünə qırmızı qərənfillər düzüb, Vətənimizin azadlığı uğrunda şəhid olan qəhrəman oğul və qızlarımızın xatirəsini ehtiramla yad ediblər.

Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin foyesində 20 Yanvar şəhidlərinə həsr olunan rəsm və kitab sərgiləri ilə tanış olublar.

Tədbirdə çıxış edənlər Azərbaycan tarixinə “Qanlı Yanvar” faciəsi kimi daxil olmuş 20 Yanvarın xalqımızın qəhrəmanlıq salnaməsi, fəxarət və şərəf günü olduğunu bildiriblər. Qeyd olunub ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə ərazi bütövlüyünə qarşı yönəlmiş təcavüzə etiraz edən, müstəqillik ideyaları uğrunda mücadilə aparan Azərbaycan xalqının inam və iradəsini qırmaq məqsədi ilə sovet rejiminin həyata keçirdiyi terror aktı nəticəsində bəşər tarixində insanlığa qarşı ən qanlı cinayətlərdən biri törədilib. Həmin qanlı gecədə dinc əhaliyə misli görünməmiş divan tutulub, 147 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs edilib. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, azadlıq uğrunda mübarizə əzmini bir daha bütün dünyaya bəyan edib.

Tədbirdə Qanlı Yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş etdirilib.

Keçidlər