Şriftin ölçüsü :

Saytın rəngi :

Tur-aksiya: səkkiz rayonun məktəbliləri Zaqatalaya səfər ediblər

18 noyabr 2016 | 16:00

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyaya çıxan Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Göygöl və Tovuz rayonlarının məktəbliləri noyabrın 18-də, günün ikinci yarısında Zaqatala rayonuna gəliblər.

Tur-aksiya iştirakçıları Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında rayonun rəhbər işçiləri tərəfindən mehribanlıqla qarşılanıblar.

Rayon icra hakimiyyəti başçısının müavini Vəfa Süleymanova məktəblilərə Zaqatala rayonunun coğrafi mövqeyi, iqtisadiyyatı, mədəniyyəti, əhalinin etnik tərkibi, turizm potensialı barədə məlumat verib. Bildirilib ki, Böyük Qafqaz sıra dağlarının cənub yamaclarında yerləşən, 126 min əhalisi olan Zaqatala rayonunda 20-dən çox xalqın nümayəndəsi uzun illərdir dostluq və qardaşlıq şəraitində yaşayır.

Sonra məktəblilər Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Məlumat verilib ki, 2008-ci ildən fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin yeni binası 2015-ci ilin noyabrında istifadəyə verilib. İkimərtəbəli binanın birinci mərtəbəsindəki ekspozisiya zalında Ümummilli Liderin zəngin həyat yolu və çoxşaxəli fəaliyyətinin bütün dövrləri barədə ətraflı məlumat almaq mümkündür. Binada, həmçinin akt və konfrans zalları, elektron kitabxana, kinozal, müxtəlif dərnək otaqları, fotostudiya, poliqrafiya emalatxanası və digər otaqlar yerləşir.

Bildirilib ki, Mərkəzin istifadəyə verilməsi rayon gənclərinin ilkin peşə vərdişlərinə yiyələnmələrində və asudə vaxtlarının səmərəli keçirmələrində mühüm rol oynayır.

Tur-aksiya iştirakçıları dərnək otaqlarını gəzib, uşaq və gənclərin yaradıcılıq qabiliyyətləri ilə tanış olublar.

Sonra məktəblilər bölgənin ən iri fındıq emalı müəssisəsi olan “Azərsun Holdinq”in Zaqatala Fındıq Zavoduna gəliblər. Müəssisə ilə tanışlıq zamanı məlumat verilib ki, illik emal gücü 5 min ton olan zavodda istehsal edilən fındıq ləpəsi əsasən İtaliya, Almaniya və digər Avropa ölkələrinə ixrac olunur. Mövsüm vaxtı burada 200-dək işçi çalışır. Bildirilib ki, Azərbaycanda fındıq istehsalının böyük bir hissəsi Zaqatala rayonunun payına düşür.

Zaqatala Tarix-Mədəniyyət Qoruğu ilə tanışlıq zamanı qeyd olunub ki, qoruq 1804-1830-cu illərdə inşa edilən və ümumi sahəsi 11,5 hektar olan Zaqatala qalasının ərazisində yerləşir. Çar hakimiyyəti tərəfindən Zaqatalaya sürgün edilmiş “Potyomkin” zirehli gəmisinin inqilabçı matrosları vaxtilə məhz bu qalada məhbus kimi saxlanılıblar. Diqqətə çatdırılıb ki, qala divarlarının ümumi uzunluğu 3 min, eni 1,5, hündürlüyü isə 3-5 metrdir. Üç giriş qapısı olan qalanın daxilində müxtəlif məqsədlər üçün tikilmiş 15 yerli əhəmiyyətli abidə var.

Bildirilib ki, Zaqatala qalasında saxlanılan matrosların inqilabi fəaliyyətindən bəhs edən “Yenilməz batalyon” filmi məhz bu tarixi məkanda çəkilib.

Sonra məktəblilər ümummilli lider Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət Parkını ziyarət ediblər. Məlumat verilib ki, 1947-ci ildə salınan, ümumi ərazisi 13 hektar olan parkda 27 ağac növü var.

Tur-aksiya iştirakçıları daha sonra “Qala düzü pilləkənləri”ndən düşərək Zaqatala şəhərinin tarixi hissəsinə - Dədə Qorqud meydanına gəliblər. Meydanda Dədə Qorqudun 2,5 metrlik heykəli ucaldılıb, memorial kompleks tikilib.

Rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq zamanı diqqətə çatdırılıb ki, 1967-ci ildə yaradılan muzeydə 16 minə yaxın eksponat saxlanılır.

 Tur-aksiya iştirakçıları Zaqataladan xoş təəssüratlarla ayrılıblar.

Keçidlər