Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının açılışı olub

15 sentyabr 2016 | 16:00

Sentyabrın 15-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialının açılışı olub.

Ttədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin adını daşıyan parkda ucaldılan büstünü ziyarət edərək, gül dəstələri düzüblər.

Dövlət himni səsləndirildikdən sonra UNEC-in rektoru, professor Ədalət Muradov yeni dərs ili münasibətilə universitetin pedaqoji heyətini və tələbələri təbrik edib, onlara uğurlar arzulayıb. Təhsilə dövlət qayğısından söz açan rektor bildirib ki, ölkə başçısının UNEC-in Zaqatala filialına dair Sərəncamı universitetə göstərilən diqqət və etimadın nəticəsidir.

Zaqatala rayon icra başçısı Mübariz Əhmədzadə regionların inkişafı istiqamətində görülən işlərdən danışıb. Qafqazın ən böyük iqtisadyönümlü universitet filialının Zaqatalada fəaliyyətə başlamasını yüksək qiymətləndirib.

UNEC-in Zaqatala filialının direktoru, professor Orucəli Rzayev bildirib ki, bu ali məktəbdə mühasibat uçotu, iqtisadiyyat, biznesin idarə edilməsi və maliyyə ixtisasları üzrə kadr hazırlığı həyata keçiriləcək. Burada ölkənin 37 rayonundan 113 tələbə təhsil alacaq.

Daha sonra çıxış edən tələbə və valideynlər filialda yaradılan şəraiti ölkədə təhsilə göstərilən diqqət və qayğının bariz nümunəsi kimi qiymətləndiriblər.

Sonda yeni tələbə adını qazananlara tələbə biletləri təqdim olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2016-cı il aprelin 29-da imzaladığı Sərəncama əsasən, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Zaqatala filialı UNEC-in Zaqatala filialı hesab edilib.

Keçidlər