Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada sağlamlıq imkanı məhdud 36 vətəndaşa əlil arabası təqdim olunub

19 iyul 2016 | 16:00

“Pənah” Əlillərin Müdafiəsi Cəmiyyəti Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun dəstəyi ilə iyulun 19-da Zaqatala rayonunda əlil arabalarına ehtiyacı olan vətəndaşlara 36 əlil arabası təqdim edib. Əlil arabalarının 28-i Zaqatala, 8-i isə Balakən rayonunun vətəndaşlarına təqdim olunub.

Bu münasibətlə Zaqatala şəhərində keçirilən tədbiri “Pənah” Əlillərin Müdafiəsi Cəmiyyətinin sədri Gülbəniz Bayramova açaraq, 1998-ci ildən fəaliyyət göstərən cəmiyyətin Azərbaycanın bütün şəhər və rayonlarında əlillərin sosial müdafiəsi istiqamətində tədbirlər həyata keçirdiyini, əlil arabalarına, səhhəti ilə bağlı cərrahiyyə əməliyyatlarına ehtiyacı olan insanlara kömək göstərdiyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə ölkəmizdə yaşayan hər bir əlilin dövlətimiz tərəfindən diqqət və qayğı ilə əhatə olunduğunu bildirib. Diqqətə çatdırılıb ki, hazırda rayonda 7 min 490 əlil yaşayır. Respublikamızın hər yerində olduğu kimi, Zaqatala rayonunda da əlilliyi olan şəxslərin sağlamlıqlarının qorunması, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Əlillər mənzillərlə, minik avtomobilləri və əlil arabaları ilə təmin olunur, onların cəmiyyətə inteqrasiyasına xüsusi diqqət göstərilir. Son dövrlər sağlamlıq imkanı məhdud olan 10 nəfər rayon sakini rayon icra hakimiyyətinin birbaşa köməyi sayəsində əlil arabası ilə təmin olunub.

Rayon icra hakimiyyətinin başçısı rayonda yaşayan və əlil arabalarına ehtiyacı olan insanların problemlərinin həllinə göstərdiyi köməyə görə “Pənah” Əlillərin Müdafiəsi Cəmiyyəti və Gəncliyə Yardım Fondunun rəhbərliyinə minnətdarlığını bildirib.

Tədbirdə Gəncliyə Yardım Fondu Himayəçilər Şurasının sədri Ahmet Teçim, Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin Bakı şəhəri üzrə proqram koordinatoru Mustafa Haşim Polat, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi şöbəsinin müdiri Saday Abdullayev çıxış edərək, ölkəmizdə sağlamlıq imkanı məhdud insanların cəmiyyətə inteqrasiyası sahəsində həyata keçirilən tədbirlərdən bəhs ediblər.

Sonra əlillərə arabalar təqdim olunub. Əlil arabası alan 9 yaşlı Məsud Babayevin nənəsi Pəri Babayeva göstərilən diqqət və qayğıya görə əlil ailələri adından dövlətimizin başçısına, həmçinin tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Tədbirin sonunda “Pənah” Əlillərin Müdafiəsi Cəmiyyəti tərəfindən əlil arabası alan hər bir vətəndaşa ərzaq bağlaması təqdim olunub.

Keçidlər