Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalalı şəhidlərin layiq görüldüyü medallar ailələrinə təqdim edilib

20 may 2016 | 16:00

Qoşunların təmas xəttində erməni işğalçıları ilə döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçuları-kiçik gizir Bayramov Sərxan Oqtay oğlu və əsgər Nurayev Rəvan İsmayıl oğlu “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunublar.

AZƏRTAC xəbər verir ki, hər iki şəhidin layiq görüldüyü medal mayın 20-də ailələrinə təqdim edilib.

Rayon rəhbərliyinin, Müdafiə Nazirliyinin məsul işçilərinin, ictimaiyyət nümayəndələrinin, ağsaqqalların, gənclərin iştirakı ilə Zaqatala şəhərində və Muxax kəndində keçirilən mərasimlərdə şəhidlərin şücaətindən bəhs edilib, ruhlarına dualar oxunub.

Mərasimdə çıxış edənlər erməni işğalçılarının bütün təxribat cəhdlərinin qarşısının ordumuz tərəfindən qətiyyətlə alındığını, düşmənə layiqli cavab verildiyini xüsusi vurğulayıblar.

Sonra şəhid gizir Sərxan Bayramovun layiq görüldüyü medal atasına, şəhid Rəvan Nurayevin medalı isə anasına təqdim edilib.

Şəhidlərin valideynləri övladlarının xatirəsinin əziz tutulduğuna, ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Keçidlər