Azərbaycanın müasir tarixinin çox əhəmiyyətli dönüş nöqtəsi ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi və tələbi ilə hakimiyyətə qayıdışı olub. Həmin ilin iyununda, ölkəmiz vətəndaş müharibəsi təhlükəsi ilə üzləşdiyi bir vaxtda xalqın çağırışı ilə Naxçıvandan Bakıya dönən Ümummilli Liderin qətiyyəti sayəsində müstəqil respublikamız məhv olmaq təhlükəsindən xilas olub, Azərbaycanın gələcək inkişafının təməli qoyulub, müstəqilliyimizin əbədiliyi və dönməzliyi təmin edilib.
Bu fikirlər 15 İyun – Milli Qurtuluş Günü münasibətilə iyunun 14-də Zaqatala rayon Mərkəzi kitabxanasında keçirilən “Böyük xilaskarın qayıdışı” mövzusunda elmi-praktik konfransda səsləndirilib.
Ziyalıların, tələbələrin, gənclərin iştirak etdiyi tədbiri Zaqatala rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) direktor əvəzi Leyla Məmmədova açaraq, ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışının dövlətçilik tariximizin şanlı səhifəsini təşkil etdiyini bildirib.
Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev Milli Qurtuluş Gününün Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biri olduğunu, bu tarixin ölkəmizin dünya birliyinə inteqrasiyası, beynəlxalq aləmdə layiqli yer tutması və bugünkü nailiyyətlərimizlə nəticələndiyini vurğulayıb. Bildirilib ki, 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər məhz 1993-cü il iyunun 15-dən etibarən Azərbaycan naminə, ölkəmizin inkişafı və Azərbaycanın bütövlüyü uğrunda aparılan mübarizənin, yürüdülən siyasətin hərbi-siyasi yekunu, möhtəşəm nəticəsidir.
Pedaqogika elmləri üzrə fəlsəfə doktoru Həşim İsmayılov çıxışında ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının tarixində əvəzsiz xidmətlərindən bəhs edib, əsası Ulu Öndər tərəfindən qoyulan siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Zaqatala rayon MKS-nin metodika və biblioqrafiya şöbəsinin müdiri Gülnar Abdullayeva və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Zaqatala nümayəndəliyinin əməkdaşı Ayşa Yunusova məruzələrində Heydər Əliyev siyasətindən, onun xalqına, Vətəninə olan sevgisindən ətraflı danışıblar.