Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada şəhid Vüsal Ramazanovun xatirəsi anılıb

08 yanvar 2022 | 16:00

Torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının əziz xatirəsi Zaqatala rayonunda daim ehtiramla anılır. Qırx dörd günlük Vətən müharibəsində canından, qanından keçərək şəhid olmuş Zaqatalanın igid oğullarından biri də rayonun Yuxarı Çardaxlar kəndindən olan Vüsal Ramazanovdur.

Şəhidin ili ilə əlaqədar rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri onun məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.

Vüsal Ramazanov 1994-cü il iyulun 10-da Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində anadan olub. O, 2012-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb və 2014-cü ildə hərbi xidməti başa vurub. Vüsal Ramazanov Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 27-dən sonra onunla əlaqə saxlamaq mümkün olmayıb. Təxminən iki ay sonra meyiti tapılıb. Onun Qırmızı Bazar qəsəbəsi istiqamətində gedən döyüşlərdə şəhid olduğu məlum olub. Vüsal Ramazanov 2021-ci il yanvarın 8-də Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində torpağa tapşırılıb.

Həmin gün rayonun Muxax kəndində Vətən müharibəsi şəhidlərinin xatirəsinə inşa edilmiş abidə-bulağın da açılışı olub.

Mərasimdə çıxış edənlər Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbənin tarixi əhəmiyyətindən danışıb, şəhidlərin əziz xatirələrinin heç bir zaman unudulmayacağını vurğulayıblar.

Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Mərasimdə məktəblilərin ifasında Vətən müharibəsi şəhidlərinin qəhrəmanlığından bəhs edən şeirlər səsləndirilib.

 

Keçidlər