Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala Heydər Əliyev Mərkəzi şəhid övladları üçün əyləncəli proqram təşkil edib

04 noyabr 2021 | 16:00

Zaqatala rayon Heydər Əliyev Mərkəzində şəhid övladları üçün “Əmanətiniz göz bəbəyimizdir” adlı tədbir keçirilib. Rayon icra hakimiyyətinin dəstəyi və Mərkəzin təşkilatçılığı ilə keçirilən tədbirdə Birinci Qarabağ müharibəsi şəhidlərinin nəvələri, Aprel döyüşləri və Vətən müharibəsi şəhidlərinin övladları iştirak ediblər.

Tədbiri Mərkəzin direktoru Famil Rəhimov açaraq, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının bizlərə əmanət qoyduqları övladlarına diqqət və qayğının hər kəsin mənəvi borcu olduğunu vurğulayıb.

Əyləncəli proqramda Mərkəzin dərnək üzvlərinin ifasında şeirlər, mahnılar səsləndirilib, rəqslər ifa edilib. Şəhid övladları həmyaşıdlarına qoşularaq şeirlər söyləyib, rəqs edib, viktorinanın suallarını cavablandırıblar. Tədbirdə iştirak edən hər bir şəhid övladına hədiyyələr təqdim olunub.

Şəhid övladları tədbir iştirakçıları ilə birlikdə ulu öndər Heydər Əliyevin Mərkəzin qarşısında ucaldılan abidəsi önündə xatirə şəkli çəkdirib, havaya şarlar buraxıblar.

Keçidlər