Şriftin ölçüsü :

Saytın rəngi :

“Zaqatala AGRO İndustry” MMC bölgədə tütünçülüyün inkişafına töhfələr verir

29 oktyabr 2021 | 16:00

Yaponiyanın qabaqcıl şirkətlərindən olan “Tet İnternational Development” şirkəti Azərbaycanda 3 ildir ki, fəaliyyət göstərir. Əsasən kənd təsərrüfatı sahəsinə sərmayələr qoyan şirkət ölkəmizdə tütünçülüyün inkişafı ilə bağlı bir sıra layihələr həyata keçirir. Hazırda Azərbaycanda şirkətin 4 tütünqurutma müəssisəsi işləyir. Bu müəssisələr Oğuz, Tovuz, Şəki və Zaqatala rayonlarında yerləşir. “Tet İnternational Development” şirkətinin törəmə müəssisəsi olan “Zaqatala AGRO İndustry” MMC-nin tütünqurutma məntəqəsi bu müəssisələr içərisində ən böyüyüdür.

Şirkət tərəfindən Zaqatala rayonunda emal müəssisəsinin tikintisinə 2021-ci ilin yanvarında başlanılıb. Məntəqədə 120 tütünqurutma kamerası quraşdırılıb. Tütün istehsalı ilə bağlı bu il Zaqatala, Qax və Şəki rayonlarında 54 fermerlə müqavilə bağlanılıb, onlara şitil yetişdirmək üçün pulsuz toxum verilib. Eyni zamanda, fermerləri tütün şitilləri ilə təmin etmək üçün məntəqənin özündə də ümumi sahəsi 12 min 256 kvadratmetr olan 48 ədəd istixana quraşdırılıb. Torpaq mülkiyyətçilərinin işini asanlaşdırmaq məqsədilə müəssisəyə Türkiyədə istehsal olunan şitilvuran aqreqatlar da gətirilib və tütün əkini zamanı fermerlərin istifadəsinə verilib.

Şirkət tərəfindən builki mövsümdə Zaqatala rayonunda 300 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib. Cari ilin iyulunda tütünqurutma məntəqəsində istehsalçılardan yaş tütünün qəbuluna başlanılıb.

Yaxın vaxtlarda “Zaqatala AGRO İndustry” MMC tərəfindən Rusiya bazarlarına quru tütünün ixracına başlanacaq. Artıq bu istiqamətdə alıcı şirkətlərlə müvafiq danışıqlar aparılıb, razılıq əldə olunub.

 

 

 

Keçidlər