Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada V Ümumrespublika Uşaq Forumuna nümayəndələrin seçimi aparılıb

27 avqust 2021 | 16:00

Bu ilin noyabrında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), Regional İnkişaf İctimai Birliyi (RİİB) və BMT-nin Uşaq Fondunun (UNICEF) birgə təşkilatçılığı ilə Bakıda keçiriləcək Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda iştirak edəcək nümayəndələrin seçimi məqsədilə regionlarda namizəd uşaqlarla görüşlər davam edir. Növbəti görüş avqustun 26-da Zaqatala rayonunda reallaşıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, AQUPDK-nin Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzində keçirilən seçim mərhələsində sosial fəallığı ilə seçilən və fikirlərini sərbəst şəkildə ifadə etməyi bacaran 20 namizəd uşaq iştirak edib. Əvvəlcə uşaqlar Forumla bağlı filmə baxıblar. Görüş zamanı uşaqların bacarıqlarının üzə çıxarılması üçün onlar sual-cavab olunublar, qiymətləndirmə aparılıb. Seçim aparılarkən, ilk növbədə, uşaqların liderlik, təşəbbüslə çıxış etmək, insanlarla ünsiyyət qurmaq, şəbəkə yaratmaq bacarıqlarına diqqət yetirilib, gələcək planları barədə fikirləri öyrənilib.

Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzinin rəhbəri Gövhərət İbrahimova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, uşaq forumlarının keçirilməsində məqsəd uşaq hüquqlarının qorunması və təbliğinə nail olmaq, proqram və layihələrin hazırlanması və həyata keçirilməsində uşaqların fikirlərini nəzərə almaq, onların maraqlarını qorumaq, uşaqlara öz problemlərini qaldırmaq, təşəbbüslərlə çıxış etmək və tövsiyələr vermək imkanı yaratmaq, dövlət orqanlarının, ictimaiyyət və vətəndaş cəmiyyətinin, eləcə də kütləvi informasiya vasitələrinin diqqətini uşaqların hüquq və azadlıqlarının qorunmasına yönəltməkdir.

Seçim mərhələsinin yekununa əsasən sosial fəallığı ilə fərqlənən 2 uşaq Uşaqların V Ümumrespublika Forumunda Zaqatala rayonunu təmsil edəcək.

Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən Forumda iştirak edəcək uşaqların seçilməsi məqsədilə növbəti görüşlər Şəki, Balakən və Qax rayonlarında təşkil olunacaq.

 

Keçidlər