Şriftin ölçüsü :

Saytın rəngi :

“Zaqatala AGRO İndustry” MMC-nin emal məntəqəsi indiyədək istehsalçılardan 107 ton yaş tütün qəbul edib.

17 iyul 2021 | 16:00

Yaponiyanın “Tet İnternational Development” şirkətinin törəmə müəssisəsi olan “Zaqatala AGRO İndustry” MMC-nin bu günlərdə istifadəyə verilən tütünqurutma məntəqəsində fermerlərdən yaş tütünün qəbuluna başlanılıb. İlk günlər məntəqəyə istehsalçılardan 107 ton yaşıl tütün kütləsi daxil olub.

Bu barədə  “Zaqatala AGRO İndustry” MMC-nin direktoru İsrafil Səfərov məlumat verib.

Qurumun rəsmisi bildirib ki, cəmiyyət tərəfindən builki mövsümdə Zaqatala rayonunda 300 hektar, Qaxda 365 hektar, Şəkidə 35 hektar olmaqla, ümumilikdə, 700 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib. Tütün istehsalı ilə bağlı bu rayonlarda 54 fermerlə müqavilə bağlanılıb. İndiyədək bu rayonlarda tütün sahələrindən 222 ton yaşıl kütlə yığılıb. Yığılan yaş tütünün 115 tonu hazırda “Tet İnternational Development” şirkətinin Oğuz rayonundakı emal məntəqəsində, 107 tonu isə Zaqatala məntəqəsində qurudulur.

Qeyd edək ki, “Zaqatala AGRO İndustry” MMC-nin emal məntəqəsində 120 tütünqurutma kamerası quraşdırılıb. Bu kameraların üstün cəhəti odur ki, yaşıl tütün kütləsi sahələrdən birbaşa məntəqəyə gətirilir və qurudulmaq üçün kameralara qoyulur. Tütün istehsalçıları artıq yaşıl tütünün ipə düzülməsi kimi çətin, əziyyətli və vaxt aparan işdən azad olublar. Hər kameraya bir dəfəyə 5-6 ton yaşıl tütün kütləsi yerləşdirmək mümkündür. Tütünün qurudulması prosesi 7-8 gün çəkir.

İsrafil Səfərovun sözlərinə görə, hazırda emal məntəqəsində 30 kameraya qurudulmaq üçün yaş tütün qoyulub. Təsərrüfatlarda yaş tütünün yığımı gündən günə sürətlənir. Təkcə ötən gün məntəqəyə fermerlərdən 40 tonadək yaşıl tütün kütləsi daxil olub. Builki mövsümdə cəmiyyətə məxsus tütün sahələrindən 11 min tonadək yaşıl kütlə yığılması, ondan 1800 ton quru tütün istehsal olunması nəzərdə tutulur.

 

Keçidlər